Laçın şəhər seyrəngahında ustad dərsləri, tamaşa nümayişləri
“Laçın Şəhəri Günü” rəngarəng tədbirlərlə davam edir. Bayram şöləni çərçivəsində şəhərdəki seyrəngahda xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olunub.
“turaninsesi.az” xəbər verir ki, ustad dərslərində şəbəkə, həsirçilik, keramika, misgərlik və s. sahələr üzrə məlumat verilib, onların bir çoxunun hazırlanması prosesi əyani nümayiş etdirilib.
Daha sonra “Qoçdaş” interaktiv sərgisi təşkil edilib. Müstəqil “Oyuq” uşaq teatrı tərəfindən milli nağıl qəhrəmanlarımız əsasında səhnəciklər göstərilib, Azərbaycanın uşaq kinematoqrafik nümunələrindən ibarət konsert proqramı keçirilib.
Bundan başqa, Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında “Qırmızıpapaq” tamaşası nümayiş olunub. Yevgeni Şvartsın eyniadlı əsərinin motivləri əsasında hazırlanan tamaşaya rejissor, Əməkdar artist Loğman Kərimov quruluş verib. Tamaşanın musiqi tərtibatçısı Azad Məmmədov, quruluşçu rəssamı Valeh Məmmədovdur.
Səhnə əsərində rolları Sürahi Əliməmmədova, Püstəxanım Zeynalova, Aybəniz Cahangirova, Nihat Heybətov, Orxan Abışov, Cavid Cavadzadə ifa edirlər.
“Qırmızıpapaq” tamaşası doğma yurda qayıtmış laçınlı uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI