Bakıda “İkinci Nəfəs” sərgisinin açılışı olub
Azərbaycan Mədəniyyət Nazirliyi, “Cultural Network House” (CNH) İctimai Birliyi və Müasir İncəsənət Muzeyinin birgə əməkdaşlığı ilə “İkinci Nəfəs” sərgisinin açılış mərasimi olub.
“Turanın səsi” xəbər verir ki, açılışda mədəniyyət naziri Anar Kərimov, dövlət strukturlarının nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.
A.Kərimov çıxışında layihənin Azərbaycan incəsənəti üçün önəmindən və sərgilənən əsərlərin dəyərindən bəhs edib:
“Azərbaycanda rəssamlığa, təsviri sənətə dəyər var. Sərgidə nümayiş olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna daxil olan dəyərli sənət əsərləridir. İctimai birlik öz fəaliyyətində incəsənətin bütün sahələrinə olduğu kimi rəssamlıq sahəsinə də çox büyük önəm verir. Məhz bu səbəbdən, İctimai birliyin sədri Aynur Süleymanzadənin rəhbərliyi ilə 7 ay ərzində hazırlanan bu layihədə əsərlər bərpa olunaraq, onlara yeni nəfəs verilib. Beləliklə, 41 rəssamın 1960-90-cı illər arasında çəkdiyi 72 əsər seçilərək sərgiyə təqdim olunub. Rəssamlar arasında Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Salam Salamzadə, Baba Əliyev, Xalidə Səfərova, Lətif Feyzullayev, Elmira Şaxtaxtinskaya, Oqtay Sadıxzadə, Oqtay Şıxəliyev, Hafiz Məmmədov, Mikail Abdullayev və digər rəssamlar yer alıb”.
Daha sonra mədəniyyət xadimləri çıxışlar edib.
Sonda qonaqlar sərgidə nümayiş olunan əsərlərlə tanış olublar.