“Açar bədii film şimali İrlandiyada beynəlxalq festivalda iştirak edecek
“Açar” qısametrajlı bədii filmi 18-27 noyabr tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında keçiriləcək, “Oscar” və BAFTA klassifikasiyalı 35-ci Foyle Film Festivalının “Beynəlxalq qısa film” müsabiqə proqramına seçilib.
“Açar” filmi sözügedən festival çərçivəsində Şimali İrlandiyanın Derry-Londonderry şəhərində nümayiş olunacaq və ABŞ, Fransa, Yaponiya, Estoniya, Yunanıstan, Avstraliya, Kanada, Meksika, İsveçrə, İngiltərə, İspaniya, Almaniya, Niderland, İsveç Lüksemburq və Farer Adalarını təmsil edən filmlərlə “Oscar” və BAFTA-ya vəsiqə uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, premyerası Niderland Krallığında “Oscar”, BAFTA və Avropa Film Mükafatlarına vəsiqə qazandıran “Go Short – International Short Film Festival Nijmegen”də baş tutan “Açar” filmi oktyabr ayı ərzində İsveçdə “SAMA International Film Festival”, Makedoniyada “KineNova Skopje International Film Festival”, Türkiyədə “Accessible Film Festival” və Hindistanda “Goa Short Film Festival”da ölkəmizi təmsil edib. Film həmçinin noyabrın 29-dan dekabrın 3-dək Fransada keçiriləcək, Avropanın ən yaxşı qısa film festivallarından hesab olunan 40-cı “Festival Tous Courts” Beynəlxalq Qısa Film Festivalının “Beynəlxalq müsabiqə proqramı”na seçilib.
“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsal etdiyi “Açar” filmi Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev (ELsevƏR), görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.
Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.