Sabunçuda film kimi oğurluq: Evakuatorla daşıyıblar…

Paytaxtın Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək Maştağa qəsəbəsində yerləşən ona məxsus istixanadan 50000 manat dəyərində qazanxana avadanlıqlarının naməlum şəraitdə oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “turaninsesi.az “a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 55 yaşlı Mahir Həsənov və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərin bir müddət əvvəl fəaliyyətini dayandıran istixananı kənardan müşahidə etdikləri və gediş-gəliş olmadığını görüb talama cinayətini törətdikləri müəyyən edilib. Onlar hadisədən sonra əraziyə evakuator çağıraraq oğurladıqları avadanlıqların onlara məxsus olduğunu bildirib satmaq məqsədilə daşınmasını təşkil ediblər. T.Hacıyevin bir müddət əvvəl qohumunun evindən 4500 manat nağd pul oğurladığı məlum olub.

Bundan əlavə Sabunçu rayonu ərazisində obyektlərdən naqil və əlvan metalların oğurlanması barədə də polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Hüseyn Quliyev də saxlanılıb. Araşdırma zamanı onun daha iki evdən məişət əşyaları və inşaat materialları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Arzu Paşaqızı