Saatlıda yarımmilyon manatlıq oğurluğun bəzi təfərrüatları məlum olub
Saatlı rayonunda baş verən yarımmilyon manatlıq oğurluğun bəzi təfərrüatları məlum olub.
“Turanın səsi ” in məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinə (RPŞ) fərdi yaşayış evlərinin birindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elvin Vəliyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin mart-iyun ayları ərzində qohumlarının ölkə hüdudlarından kənarda olmasından istifadə edərək dəfələrlə onlara məxsus evə qanunsuz daxil olub və otaqların birindəki seyfdən 5 milyon rus rublu, 128 800 ABŞ dolları, 12 000 avro, 50 000 manat pul və 100 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Araşdırmalar zamanı həmçinin məlum olub ki, E.Vəliyev ilkin olaraq evdən 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayaraq, daha sonra onları İmişli və Saatlı rayonları ərazisində fəaliyyət göstərən lombardlara qoyaraq, müqabilində pul götürüb. Bir müddət keçdikdən sonra isə yenidən həmin ünvana daxil olaraq seyfdən 5 milyon rus rublu, 128 800 ABŞ dolları, 12 000 avro, 50 000 manat pulu oğurlayıb.
O, ümumilikdə zərərçəkənə – əmisinə 490 000 manatdan çox maddi ziyan vurub. E.Vəliyev oğurluq yolu ilə əldə etdiyi pulları onlayn mərc oyunlarında uduzub.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.