Ramiz Mehdiyevlə İsfəndiyar Axundov arasında əlaqə… – MƏHKƏMƏDƏ ŞOK

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə “Şərur” MTK” sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə prosesi davam etdirilib.

İsfəndiyar Axundovu məhkəmə çəkən isə “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. O, xüsusi ittiham qaydasında verdiyi şikayətində İsfəndiyar Axundovun həbsini tələb edir. Prosesdə xüsusi ittihamçının vəkili Asim Abbasov məhkəməyə elektron qaydada təqdim etdiyi vəsatət elan olunub. Vəkil qeyd edib ki, mütəxəssis rəyində “yeyinti” sözü yazılsa da, cinayət predmeti kimi Cinayət Məcəlləsinin müvafiq maddələrində əks olunsa da, bu ifadəyə iş üzrə tənqidi hal kimi yanaşılıb: “Həmçinin təqdim edilən rəydə “dələduz” sözünə toxunulmayıb. Eyni zamanda ətraflı tədqiqat aparılmayıb. Videoda müəyyən məbləğlər səsləndirilsə də, bu barədə də heç nə qeyd edilməyib. AMEA Dilçilik İnstitutunun direktoru Ramiz Mehdiyev vəzifədə olan zaman təyin edilib. Həmçinin bəzi media resurslarında Ramiz Mehdiyevlə İsfəndiyar Axundov arasında münasibətin olması ilə bağlı yazılar dərc edilib. Bu da ona əsas verir ki, rəy qərəzlidir. Məhkəmədən rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edirəm”.

Təqsirləndirilən şəxsin vəkili Ülvi Nəsibli bildirib ki, İsfəndiyar Axundovu Ramiz Mehdiyevlə əlaqələndirmək məsələsinə yumorla yanaşmaq lazımdır:

 “O zaman Emil Səməndərovu da Ramiz Mehdiyevlə əlaqələndirmək olar. Çünki Emil Səməndərov 1200 vətəndaşın mənzilini bir neçə şəxsə satanda Ramiz Mehdiyev vəzifədə idi. Bu, sadəcə olaraq cəfəngiyatdır. Ramiz Mehdiyevin bizim işimizə heç bir aidiyyəti yoxdur”.

Təqsirləndirilən şəxsin digər vəkili Şahbaz Kərimli məhkəməyə bildirib ki, sübut mötəbər olmalıdır: “Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında heç bir əlaqə olmayıb. Mötəbər sübut kimi hansısa yazını göstərmək olmaz. Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında əlaqə, maliyyə bölüşməsi heç vaxt olmayıb”.

İsfəndiyar Axundov isə vurğulayıb ki, Ramiz Mehdiyevlə əlaqəsi olanları aidiyyəti qurum ortaya çıxaracaq: “Dövlətimiz tərəfindən bu işdə lazımi şəxslərə qanuni cəza veriləcək. Biz onlardan çox bilmirik”.

Vəkil Asim Abbasov xatırladıb ki, mətbuatda dərc edilən yazılar yeni deyil, 2020-ci ildə dərc edilib, həmin zaman Ramiz Mehdiyev vəzifədə idi. Vəkil əlavə edib ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxsin özü, həm də övladı onlarla – yəni Emil Səməndərov və vəkili ilə danışıqlara getmək və razılaşmaya gəlmək məqsədilə zənglər ediblər. Bununla bağlı səs yazıları da var. Tələbimiz etdiyiniz səhvin etiraf edilməsidir”.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Sənədlərin tədqiqi bitdikdən sonra məhkəmə istintaqı yekunlaşıb.

Vəkil Asim Abbasov çıxış üçün məhkəmədən vaxt istəyib. Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir. Növbəti məhkəmə prosesi dekabrın 22-nə təyin edilib.

Musavat.com