Nəcməddin Sadıkovun oğlunun biznes ortağı bəraət aldı – 11 il həbsi tələb edilirdi
Ali Məhkəmədə Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən iş adamı Kamal Akimov barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“turaninsesi.az” xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovdan hədə-qorxu yolu ilə 500 min dollar almaqda ittiham olunan iş adamı K.Akimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alıb. Prokuror ittiham nitqində Akimovun 11 il azadlıqdan məhrum edilməsini tələb etmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib. İttihama görə, Kamal Akimov Azər Əsgərovu özünə və ailəsinə zərər yetirməklə hədələyərək ondan 500 min dollar alıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilmədiyini, zərərçəkmişin onu şərlədiyini deyib. K.Akimovun dediyinə görə, A.Əsgərovun “Azimport” şirkəti 10 il əvvəl onun Səbail rayonunda yerləşən 146 kvadratmetrlik obyektini sökərək öz istifadəsinə götürüb.
Xatırlatma: K.Akimovun Silahlı Qüvvələrin sabiq Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortağı olduğu deyilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI