İstanbulda 70 kq qızılla saxlanılan hərbi attaşenin sabiq baş köməkçisinin məhkəməsi başladı

İstanbulda 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin baş köməkçisi olmuş Qəhraman Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

turaninsesi.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Həmçinin təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edilib.

Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 28 noyabra təyin olunub.

Qeyd edək ki, DTX-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikası vətəndaşlarının digər ölkə vətəndaşları ilə əlbir olaraq xarici dövlətlər arasında qaçaqmalçılıq cinayətlərinin törədilməsində iştirak etmələri faktı ilə əlaqədar DTX-də başlanılmış cinayət işi üzrə cinayət təqibi həyata keçirilir. Araşdırmalar zamanı, Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət etmiş polkovnik-leytenant Məmmədov Qəhraman Şamil oğlunun digər Azərbaycan Respublikasının vətəndaşı və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında BƏƏ-dən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində ABŞ-dan Türkiyəyə gəlib, həmin gün əlbir olduğu digər şəxs tərəfindən BƏƏ-dən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib. Daha sonra Qəhraman Məmmədov bu qızıl külçələri qabaqcadan əlbir olduğu həmin şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.391.970,08 manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

Qəhraman Məmmədov DTX-də davam edən cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Arzu Paşaqızı