İlk dərs günü məktəb direktoru məhkəməyə verildi
Yeni tədris ilinin ilk dərs günü Biləsuvar rayonu, İsmətli kənd tam orta məktəbinin direktoru Fətağa Əliyev məhkəməlik olub.
“turaninsesi.az” xəbər verir ki, bu, direktorun əmək qanunvericiliyini pozması ilə bağlıdır. Belə ki, F. Əliyev işçini qanunsuz olaraq işdən çıxarmaqda ittiham olunur.
Buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məktəb direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən cərimə protokolları tərtib edib.
Daha sonra protokollar baxılması üçün rayon məhkəməsinə göndərilib və iş hakim Mədinə Rəsulovanın sədrliyi ilə araşdırılacaq.
İXM-nin 192.4-cü maddəsində deyilir ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 192.6-cı maddədə isə deyilir ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.