İfşa olunmamaq üçün oğurluq etdikləri evlərin kameralarını da sındıran şəxslər saxlanılıblar

Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurulub.

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı onların əməllərini ört-basdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.

Arzu Paşaqızı