DTX casusları yaxaladı – 3 şəxs barədə həbs qərarı var

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan vətəndaşlarından ibarət qanunsuz silahlı birləşmələrin yaradılması, xarici xüsusi xidmət orqanları tərəfindən onlardan kəşfiyyat-pozuculuq, terror-təxribat məqsədləri üçün istifadə olunması barədə daxil olan məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.

turaninsesi.az ” xəbər verir ki, DTX-ın bununla bağlı məlumatında qeyd olunur:

“müvafiq tədbirlərlə ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmənin fəaliyyətinin təşkili, həmin birləşmənin tərkibində xarici dövlətin rəsmi şəxslərinin güdülməsi və digər cinayət əməllərinin törədilməsinə cəlb edilib, özlərini “kriminal aləm”in nümayəndələri hesab edən Azərbaycan Respublikasının vətəndaşları müəyyənləşdirilərək ifşa olunublar.

Qeyd olunan cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1995-ci il təvəllüdlü Amid Saməddin oğlu Məmmədovun xarici ölkə ərazisində gizləndiyi yer müəyyən edildikdən sonra o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, Azərbaycan Respublikasına gətirilərək istintaqa cəlb edilib.

Eləcə də, bu cinayətlərin törədilməsində şübhəli bilinən 1997-ci il təvəllüdlü Nurlan İlham oğlu Səfərov və 1983-cü il təvəllüdlü Edik Nəbi oğlu İsrafilov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.

Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Davam edən tədbirlər və cinayət məsuliyyətinə cəlb edilmiş digər şəxslər barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.

Arzu Paşaqızı