DSX-nin hərbçisinin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb
Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusunun öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə “Turanın səsi” nə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı bildirib.
O deyib ki, rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edilib ki, hadisə noyabrın 21-də rayonun Şükürbəyli kəndində qeydə alınıb.
Belə ki, “Shacman” markalı yük avtomobili hərəkətdə olarkən Xidmətə məxsus “UAZ” markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib.
Hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.