DİN-in mətbuat xidmətinin məlumatı
Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə noyabrın 10-da saat 20 radələrində şəhər sakini Hüsniyyə Quliyevanın yaşadığı evdə ağır bədən xəsarətləri alması barədə məlumat daxil olub.
Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Səttar Cəlilovun yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı H.Quliyevaya bıçaqla ağır bədən xəsarətləri yetirməsi, sonradan isə özünü öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
H.Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi başlanılıb.
Noyabrın 10-da ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 96, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Noyabrın 10-da saat 6 radələrində Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində rayon sakini F.Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Xatınlı kənd sakini Vəli Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə cari ilin may-sentyabr aylarında xaricdən kartof gətirəcəyi adı ilə aldadan şəxsin Cəlilabad rayon sakini olan bir nəfərdən 265.000 manat, Gədəbəy rayon sakini olan bir nəfərdən isə 647.000 manat pul alması barədə müraciət daxil olub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Zeynalov tutulub.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də Ə.Kürçaylı küçəsində yerləşən tam orta məktəbin informatika otağından 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Rzayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub və həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb. Araşdırma aparılır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09