DİN-in mətbuat xidmətinin məlumatı
- Sentyabrın 9-da ölkə ərazisində qeydə alınan 103, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb
- Narkotiklərlə əlaqəli 85, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.
Sentyabrın 9-da saat 9 radələrində Samux rayonunun Sarıqamış kəndi ərazisində rayon sakini İ.Əsədov idarə etdiyi “VAZ-21061” markalı avtomobili qarşıda gedən Gəncə şəhər sakini R.Babayevin idarə etdiyi “ZİL” markalı avtomobilə vurub. Nəticədə İ.Əsədovun sərnişini Qnyaz Mustafayev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər .
Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
Metropolitendə Polis Şöbəsinə müraciət edən Ağdam rayon sakini olan bir qadın sentyabrın 6-da bank hesabından 1200 manatının çıxarılaraq oğurlanmasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Müşfiq Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Kərimovdan heroin aşkar olunub.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Qaraçuxur qəsəbəsi ərazisində xətt avtobusunda Bakı şəhər sakini olan bir qadının çantasından 224 manat pul, Yeni Günəşli qəsəbəsindəki evlərin birindən içərisində 600 manat, sənəd və bank kartı olan cüzdan, Zığ qəsəbəsindəki evlərin birindən isə mobil telefon oğurlaması müəyyən edilib.
Araşdırma aparılır.
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsindəki evlərdən birinin qarajından 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Habil Səfərov saxlanılıb. Araşdırma aparılır.
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə rayon ərazisində “Volkswagen” markalı bir avtomobildən 30.000 manat pulun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Xəyal Mustafayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.