DİN-in mətbuat xidmətinin məlumatı
Cəlilabad Rayon Polis Şöbəsinə sentyabrın 6-da saat 23 radələrində şəhər ərazisindən Əliabad kənd sakini A.Tağıyevə məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Sərhədabad kəndi ərazisində aşmış vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Hacıməmmədli kənd sakini, əvvəllər məhkum olunmuş Şəmsi Bayramov müəyyən edilərək saxlanılıb.Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə sentyabrın 5-də C.Naxçıvanski küçəsində Z.Cəfərovanın içərisində 300 manatı olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Vüsal Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə rayonun S.Vəzirov küçəsindəki evlərdən birinin girişindən 8500 manat dəyərində velosipedin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Etiqad Əşrəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxtın Səbail rayonu ərazisində bir velosiped dayanacağından və 2 evin girişlərindən dəyəri 2 min manatdan artıq olan daha 3 velosipedi oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi (Dələduzluq) ilə axtarışda olan Samiq İlyasov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun avqustun 30-da Bakı şəhər sakini S.Quliyevə məxsus 2400 manat dəyərində mopedi oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.
Biləsuvar Rayon Polis Şöbəsinə Bağbanlar kənd sakini E.Mehtizadənin silahla hədələnməsi barədə müraciət daxil olub.
Araşdırmalarla onun yaşadığı evin həyətində əmisi A.Mehtiyev tərəfindən ov silahı ilə hədələməsi müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Mehtiyev saxlanılıb. Ondan qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.