DİN-in Mətbuat Xidmətindən verilən məlumatlar (29.04.2023)
Aprelin 28-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
X X X
Axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
X X X
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
X X X
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
X X X
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
X X X
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dünən saat 22 radələrində Göyçay şəhəri ərazisində sürücü Elvin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1959-cu il təvəllüdlü Rövşən Musayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
X X X
Polis əməkdaşlarının aprelin 28-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 280 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 163.4 kiloqramdan çox marixuana, 59.1 kiloqramdan artıq tiryək, 31.7 kiloqramdan artıq heroin, 25.8 kiloqramdan çox metamfetamin və 135 ədəd güclü təsiredici xassəyə malik həb olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
X X X
Soyğunçuluq
Metropolitendə Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 28-də metronun “28 May” stansiyasında bir sərnişinin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Qasımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
X X X
Polis tərəfindən vətəndaşlara məxsus obyektlərdə videomüşahidə vasitələrinin quraşdırılması iddialarına cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilmişdir ki, bugünədək dövlət tərəfindən parklarda, meydanlarda, küçələrdə, prospektlərdə, nəqliyyat infrastrukturlarında və əhalinin sıx toplaşdığı digər yerlərdə minlərlə kamera quraşdırılmışdır. Həmin vasitələr uzun illərdir ki, cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin qorunmasında, köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxslərə yardım göstərilməsinin təmin edilməsində uğurla istifadə olunur.
Vətəndaşlara məxsus obyektlərdə isə Daxili İşlər Nazirliyi tərəfindən videokameralar quraşdırılmır. Bu cür işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər tərəfindən və onların şəxsi vəsaitləri hesabına həyata keçirilməlidir.
Hazırda vətəndaşlarımızın özlərinə məxsus obyektlərdə quraşdırdıqları videomüşahidə vasitələrinin sayı 200 mindən çoxdur və həmin kameralar “Təhlükəsiz şəhər” sisteminə qoşulmur. Lakin obyektlərdə olan kameraların görüntüləri cinayətlərin qarşısının alınmasında və açılmasında əvəzsiz rolunu, eləcə də əhəmiyyətini hər zaman göstərir.
Vətəndaşlarımızdan bu mühüm amili nəzərə alıb obyektlərində videomüşahidə kameralarının tətbiqini davam etdirmələri xahiş olunur.
X X X
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu gün saat 20 radələrində Ağdamda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü və sərnişinlər, rayon sakinləri Aydın Qasımov, Təhməz Musayev və Yusif İbadov ölüb, digər sərnişin Sənan Şıxıyev isə xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
X X X
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI