DİN-in mətbuat xidmətindən verilən məlumatlar (20.07.2023)
İyulun 19-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
⤵️
Soyğunçuluq
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 19-da saat 13 radələrində rayon ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən soyğunçuluq yolu ilə 585 manat pul talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 46 yaşlı Ramin Mustafayev müəyyən olunaraq saxlanılıb.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
⤵️
Soyğunçuluq
İyulun 17-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini olan bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 29 yaşlı Mansur Əliyev Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
⤵️
Soyğunçuluq
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 17-də Ramana qəsəbəsindəki evlərin birindən 275 manat pul və mobil telefonu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Elmir Abbasov müəyyən olunaraq saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
⤵️
Oğurluq
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 15-nə keçən gecə Cəbrayıl rayon sakini O.Allahverdiyevin içərisində mobil telefonu, cüzdanı, sənəd və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Emin Ağayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
⤵️
Oğurluq
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Lökbatan qəsəbəsi ərazisində “Range Rover” markalı bir avtomobildən mobil telefon, “VAZ-21015” markalı bir avtomobildən 300 ABŞ dolları, “VAZ-2104 markalı digər avtomobildən isə 400 manat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 32 yaşlı Mübariz Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
⤵️
Oğurluq
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda M.Xiyabani küçəsindəki bir gözəllik salonundan kosmetika ləvazimatları, M.Həmidov küçəsində yerləşən bir sexdəki saxlanc yerindən isə 2950 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
⤵️
DİN Mətbuat Xidmətindən bildirilib ki, bu gün Bakı şəhər Xəzər rayonu ərazisində “Toyota Prius” markalı avtomobil ilə yük qatarının toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.
⤵️
Xəzər rayonunda baş vermiş qəza ilə bağlı Baş DYP İdarəsinin məlumatı
Bu gün saat 11:10 radələrində paytaxtın Xəzər rayonunda Dübəndi-Zirə yolunun 23-cü kilometrliyində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Belə ki, “Toyota Prius” markalı, 77-KD-762 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü şlaqbaumsuz dəmir yolu keçindindən keçərkən qatarla toqquşub. Toqquşma nəticəsində avtomobilin sürücüsü və iki nəfər sərnişini xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
⤵️
İyul ayının 17-də Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması və polis əməkdaşları tərəfindən tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılıb. Körpəni məişət tullantıları qutusuna atan ana S.Qasımova saxlanılıb, onun izahahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib. Toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinin əlamətləri olduğundan həmin maddə ilə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, S.Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir.
20 iyul 2023-cü il
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI