DİN-in Mətbuat Xidmətindən verilən məlumatı
Noyabrın 20-də gecə saatlarında Cəlilabad rayon sakini F. Əmirov idarə etdiyi “Vaz 2107” markalı avtomobillə Kazımabad kəndi ərazisində hərəkətdə olarkən Göytəpə şəhər sakinləri, Gündüz Kərimov və qardaşı O. Kərimovu vurub. Hər iki şəxs xəstəxanaya çatdırılsa da G.Kərimov aldığı xəsarətlərdən 21 noyabr səhər saatlarında dünyasını dəyişib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
Noyabrın 19-da və 20-də ölkə ərazisində qeydə alınan 94, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.
Noyabrın 18-də saat 19 radələrində Lənkəran rayonunun Mamusta kəndi ərazisində rayon sakini S.Abbasov idarə etdiyi “Muravey” markalı motosikletlə yolu keçən kənd sakini Əkrəm Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Noyabrın 19-da saat 12 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Şərur rayon sakini N.Ələkbərovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Kəlbəcər rayon sakini Murad Rüstəmovun idarə etdiyi “KİA” markalı avtomobil toqquşub. Nəticədə M.Rüstəmov xəstəxanaya aparılarkən yolda ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Noyabrın 19-da saat 18 radələrində İsmayıllı şəhəri ərazisində şəhər sakini A.Mirzəyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi M.Əhmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Noyabrın 20-də saat 5 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini X.Əsədli sərxoş vəziyyətdə idarə etdiyi “BMW” markalı avtomobili maneəyə vurub. Nəticədə sərnişini olan avtomobilin sahibi, paytaxt sakini Nurlan Mənsimli hadisə yerində ölüb.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Noyabrın 20-də saat 16 radələrində Qusar rayonunun Əvəcuq kəndi ərazisində rayon sakinləri T.Hüseynovun idarə etdiyi “Hyundai” və Kamil Ədilxanovun idarə etdiyi “VAZ-21070” markalı avtomobillər toqquşub. Nəticədə K.Ədilxanov xəstəxanaya aparılarkən yolda ölüb, T.Hüseynov xəstəxanaya yerləşdirilib.
Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün səhər saatlarında Bakı şəhər sakini sakini, 1993-cü il təvəllüdlü Amin Sahibli idarə etdiyi “Toyota Prius” markalı avtomobillə 1986-cı il təvəllüdlü Pərvanə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rüstəm Rüstəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın marixuana aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 1 kiloqram 730 qram marixuana və 44 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə noyabrın 18-də saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində “Hyundai” markalı bir avtomobilin sürücüsünün Bakı şəhər sakini Ə.Nəcəfovu döyüb mobil telefonunu və qızıl bilərziyini quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Samir Rzazadə müəyyən edilərək saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə noyabrın 14-də Bakı şəhər sakini E.Cəfərzadənin taksi kimi idarə etdiyi “KİA” markalı avtomobilində qadın sərnişinin övladının xəstə və pula ehtiyacı olmasını bildirib özünə xəsarət yetirərək onun üzərinə atacağı ilə hədələyib 1450 manat pulunu alması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Şərur rayon sakini, əvvəllər də xuliqanlığa görə məhkum olunmuş Tünzalə Şəfiyeva müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Nizami RPİ 24-cü Polis Şöbəsinə rayon ərazisindəki şadlıq saraylarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 ABŞ dolları olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramal Mirişov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olması da məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən noyabrın 20-də saat 7 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində üzərində dövlət qeydiyyat nişanı olmayan “VAZ-2106” markalı avtomobil saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü, Ağcabədi rayon sakini Zülfüqar Cəfərovun sürücülük hüququnun olmaması və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334-cü və 342-ci maddələri ilə, sərnişini olan avtomobilin sahibi K.Musayev barəsində isə İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsi ilə (sürücülük hüququ olmayan şəxsə nəqliyyat vasitəsini verdiyi üçün) protokollar tərtib olunub.