Rusiya şəkər ixracına qadağa qoyur
Rusiyanın Ukraynaya hücumundan sonra qlobal çatdırılma zəncirində yaranan qırılmalar əksər ölkələrdə 2021-ci ildən başlanan bahalaşmanın daha da sürətlənməsinə gətirib çıxarıb. Bahalaşma ərzaq məhsullarında daha kəskindir.
Qlobal səviyyədə gedən bahalaşma prosesi Azərbaycandan da yan keçməməkdədir. Demək olar ki, hər həftə müxtəlif ərzaq məhsullarının qiymətində bahalaşma qeydə alınır. Belə məhsullardan biri də şəkər və şəkər tozudur. Kiloqramı 1 manat 30 qəpiyə satılan bu məhsul hazırda market fərqinə görə 1 manat 40 və 1 manat 50 qəpiyə təklif olunur. Hətta bəzi dükanlarda şəkərin olmaması ilə bağlı məlumatlar yayılır.
Rəsmi statistikaya əsasən, Azərbaycanda şəkərdən ərzaq məhsulu kimi istifadə illik 260-270 min ton təşkil edir. Hazırda ölkənin istehsal müəssisələrinin bu həcmi təmin etmək potensialı var. Belə ki, Azərbaycanda şəkər və şəkər tozu istehsal edən bir böyük, bir neçə kiçik müəssisə fəaliyyət göstərir. Bugünlərdə İmişlidə yerləşən ən böyük şəkər zavodunun sahibi olan “Azərsun” Holdinq açıqlama yaydı ki, müəssisədə istehsal edilən şəkər tozu ölkənin daxili tələbatını ödəməyə kifayət edir. Hətta yayılan açıqlamada bildirilirdi ki, Azərbaycanda şəkər tozu ilə bağlı heç bir problem olmayacaq: “Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI