Mikayıl Cabbarov: “Zəngilan” tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir”
“Zəngilan” tankerinin inşası Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həyata keçirilməsinə, neft-qaz layihələrinin uğurla icrasına və yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir.
“Turanın səsi ” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
Nazir qeyd edib ki, “Zəngilan” tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb: “Texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilən sayca dördüncü neft tankeri və ikinci neft-kimyəvi məhsullar daşıyan tankerdir”.
Xatırladaq ki, mayın 16-da İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti – “Bakı Gəmiqayırma Zavodu” MMC-nin inşa etdiyi “Zəngilan” tankeri suya salınıb. Gəminin konsepsiyası Ukraynanın Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə birlikdə hazırlanıb. “Volqa-Don MAX” layihəsi olan bu gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir.
Tankerin uzunluğu 141 metr, eni 16,9 metr, hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9 212 kubmetr olan 6 yük çəninə malikdir. Tankerin dedveyti isə 7 875 ton təşkil edir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI