Köhnə avtomobil sahiblərini gözləyən TƏHLÜKƏ – “Yeni güzəştlər tətbiq olunmasa…”
Buraxılış ili köhnə olan avtomobillərlə bağlı tətbiq edilən yeni qaydalardan sonra vətəndaşları bir çox suallar düşündürür. Bəzi maşın sahibləri istifadəsində olan köhnə maşınların mərhələli şəkildə dövriyyədən çıxarılacağından narahatdır. Sürücülərin əksəriyyəti müasir tələbələrə cavab verən, hibrid və elektromobil avtomobillərin olduqca baha olduğunu, bu istiqamətdə alıcılıq qabiliyyətinin zəif olmasını bildirir. Bəs görəsən, davam edən utilizasiya tədbirlərinin fonunda, “Avro-5” standartlarına cavab verən avtomobillərin idxalında hansısa güzəştlər və addımlar atıla bilərmi?
“Turanın səsi ” in məlumatına görə , bu barədə nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, utilizasiya zamanı vətəndaşların yeni avtomobillərlə təmin olunması üçün güzəştlər tətbiq edilməlidir:
“İli köhnə avtomobillərin utilizasiya prosesi artıq başlayıb və davam edir. Düzdü, burada vətəndaşların xeyrinə olmayan bəzi qərarlar da var, amma yaxşı olar ki, köhnə avtomobillər utilizasiyadan öncə müəyyən güzəştli şərtlər, kreditlər altında həmin istismar müddətini başa vurmuş nəqliyyat vasitələri vətəndaşlardan alınarkən, onun yeni avtomobil vasitəsi ilə təmin olunmasına imkanlar yaradılsın. Məlum olduğu kimi, elektromobil və hibrid avtomobillərdən istifadənin təşviqi ilə bağlı artıq dövlət tərəfindən müəyyən addımlar atılıb. Buraxılış müddəti son 3 ildən gec olmayan hibrid və elektromobil avtomobillər aksiz vergisi ödəməkdən azad olunub. Eyni zamanda müəyyən gömrük və vergi güzəştləri tətbiq edilib”.
Ekspert ölkəyə idxal olunan yeni nəsil avtomobillərlə bağlı gömrük və vergi güzəştinin tətbiq edilməsini təklif edib:
“Biz bəzi məqamları nəzərə alsaq, bir qədər də stimullaşdırıcı təkliflər ola bilərdi. Məsələn, hibrid maşınları yarı, elektromobilləri isə tamamilə gömrük və aksiz vergilərindən azad edərək, vətəndaşların işini yüngülləşdirmək daha yaxşı olardı. Bu mənada hazırda elektromobil və hibrid maşınları yalnız maddi imkanı yetərincə yüksək vətəndaşlar ala bilir. Düşünürəm ki, istər “Avro-5”, istərsə də hibrid-elektromobil avtomobillərin ölkəyə idxalı zamanı bu şərtlər ciddi şəkildə nəzərə alınmalıdır. Düzdü, ilkin addımlar var, amma daha da təkmilləşdirilsə daha da yaxşı olar”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI