İlham Əliyev: “Azərbaycan enerji təchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq”
“Azərbaycan enerji təchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq”.
“Turanın səsi ” in Sofiyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
Dövlət başçısı xatırladıb ki, ötən ilin iyul ayında imzalanmış Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycandan Avropaya qaz tədarükünü artırmağa imkan verəcək.
Azərbaycan Prezidentinin sözlərinə görə, bugünkü imzalanma Azərbaycan ilə Avropa ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsində növbəti addım olacaq.
“Bizim hasilatımız və ixracımız artacaq, çünki biz mövcud qaz yataqlarında hasilatı artıracağıq və yaxın illərdə yeni yataqlardan hasilat gözləyirik. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, bu ildən etibarən Rumıniyaya ixrac olunur. Bu ilin sonuna qədər bütün interkonnektorlar birləşdirilərsə, biz Macarıstan və Slovakiyaya tədarüklərə başlamağı planlaşdırırıq. Biz yerli qazpaylayıcı sisteminin qurulması üçün Albaniya ilə danışıqlar prosesindəyik, çünki Cənub Qaz Dəhlizi Albaniya ərazisindən keçir. Əminəm ki, Slovakiya “Həmrəylik halqası”nın üzvü kimi tezliklə bizim enerji tərəfdaşımız olacaq”, – Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan Avropanın qaz bazarındakı iştirakını daha da genişləndirməyi planlaşdırır.
Prezident qeyd edib ki, “Həmrəylik halqası” birgə əhəmiyyət kəsb edən planın həyata keçirilməsində mühüm rol oynayacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI