Baş nazirdən Füzuli rayonu haqda MÜHÜM QƏRAR

Baş nazir Əli Əsədov Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında qərar imzalayıb.

turaninsesi.az” xəbər verir ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 482,0 hektar torpaq sahəsi qoyuluş gücü 160 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilsin (torpaq sahəsinin yerləşdiyi yeri, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur).

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirsin.

3. Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 482,0 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərarın 3-cü hissəsinə uyğun olaraq tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilsin.