“Azərişıq” ASC-nin komandası beynəlxalq yarışda birinci olub
2023-cü ildə tarixi torpağımız Qarabağda – Hadrut qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100-illik yubileyinə həsr edilmiş Türkdilli dövlətlərin gənc energetikləri arasında “Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” I Beynəlxalq Peşə Ustalığı Yarışması”nın davamı olaraq Tatarıstanda müsabiqə keçirilib.
Tetyuşi şəhərində Buinski elektrik şəbəkələrinin sınaq poliqonunda “2024-cü ilin ən yaxşı paylayıcı şəbəkələr briqadası” adı uğrunda təşkil olunmuş beynəlxalq seminar-müsabiqədə “Azərişıq” ASC-nin gənc mühəndisləri də iştirak edib. Yarışda Azərbaycanla yanaşı təşkilatçı Tatarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan komandaları mübarizə aparıb.
Yarışlar üç mərhələdə keçirilib. İştirakçılar 10 kV-luq Hava Elektrik Veriliş Xəttində (HEVX) baş verən qəza zamanı gərginlik altında qalmış şəxsin qaldırıcının köməyi olmadan xilas edilməsi, ona ilkin tibbi yardımın göstərilməsi, 10/0.4 kV-luq Komplekt Transformator Məntəqəsində (KTM) baş vermiş yanğının söndürülməsi mərhələləri üzrə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər. Verilən tapşırıqları hamıdan birinci və ən dəqiq yerinə yetirən “Azərişıq” ASC-in komandası birinci yerə layiq görülüb.
Türkdilli dövlətlərin gənc energetikləri arasında keçirilən yarışların 2025-ci ildə Özbəkistanda təşkil olunması qərara alınıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI