“Azəri Mərkəzi Şərqi” layihəsinə 3 milyard dollara yaxın pul ayrılıb

0

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi çərçivəsində həyata keçirilən “Azəri Mərkəzi Şərqi” layihəsinə (ACE) indiyə qədər 2,9 milyard ABŞ dolları vəsait ayrılıb.

Turanın səsi ” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında layihənin mexaniki təhvil üzrə rəhbəri Şükür Sadıxov bildirib.

“Layihənin ümumi dəyəri isə 6 milyard dollardır. Layihə çərçivəsində işin 85 %-i tamamlanıb və heç bir xəsarətə yol vermədən 25 milyon saat iş görülüb. Burada ilk neftin hasilatı 2024-cü ilin I rübünə nəzərdə tutulur”, – deyə o qeyd edib.

Xatırladaq ki, aprelin 4-də Prezident İlham Əliyev artıq tikintisi başa çatmış ACE platformasının üst modullar qurğusunu gəzərək 2023-cü ilin II rübündə dənizə öz daimi yerinə yola salınacaq bu obyektin rəsmi açılışını edib. ACE platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 600 tondur.

Üst modullar; Bayılda yerləşən tikinti-quraşdırma sahəsində “Azfen” şirkəti yerli infrastruktur və resurslardan istifadə etməklə inşa edib. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqlar 95 % tamamlanıb.

Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4 400 nəfərə qədər işçi cəlb edilib və onların 90 %-dən çoxu Azərbaycan vətəndaşı olub. Sahədə əməyin təhlükəsizliyi üzrə göstəricilər yüksək səviyyədədir – üst modulları inşa edən işçi heyəti bu yaxınlarda heç bir xəsarətə yol vermədən 20 milyon iş saatı icra edilməsini qeyd edib.

ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelə qədər hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelə qədər neft hasil olunacağı proqnozlaşdırılır.

ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. Bu, 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard ABŞ dolları investisiya qoyulub.

ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə qoşulacaq.

Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və “Şərqi Azəri” platformaları arasında suvurma üçün boru xətti də olacaq. ACE platforması Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib və Səngəçal terminalında yeni ACE idarəetmə mərkəzi inşa edilib. ACE AÇG platformaları arasında uzaq məsafədən idarə olunan ilk platforma olacaq. BP şirkəti bildirir ki, terminalda idarəetmə mərkəzi artıq tam hazırdır və işlək vəziyyətə gətirilib ki, sınaq işləri aparılsın.

Ümumi layihənin tikinti işləri 2019-cu ilin sonlarında başlanıb və yerli resurslardan istifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin pik dövründə Azərbaycanda tikinti işlərinə 8 500 nəfərdən çox işçi cəlb edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir