Azərbaycanda baytarlıq sahəsində xidmətlərin göstərilməsi təkmilləşdirilib
Nazirlər Kabineti “Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 11 oktyabr 2018-ci il, “Baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 5 oktyabr 2007-ci il və “Baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 16 aprel 2007-ci il tarixli qərarlarında dəyişiklik edib.
“Turanın səsi ” xəbər verir ki, “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə prezidentinin 22 aprel 2020-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərarların əsas məqsədi heyvan və insan sağlamlığı üçün xüsusi təhlükəli zoonoz xəstəliklərin, o cümlədən bruselyoz və vərəmin qarşısının alınması və aradan qaldırılması məqsədilə həmin xəstəliklərə tutulmuş heyvanların, eyni zamanda onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi, götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalının təşkil edilməsi ilə hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi mexanizminin müəyyən edilməsindən ibarətdir.
Qərarların qüvvəyə minməsi ilə ölkədə təhlükəli heyvan xəstəliklərinin yayılmasının və yoluxma sayının azaldılması nəticəsində bu məqsəd üçün dövlət büdcəsindən ayrılan (ilk növbədə profilaktik peyvəndləmə üçün) vəsaitin azaldılması, ölkə ərazisinin heyvan xəstəliklərindən azad zonaya çevrilməsi, nəticədə heyvandarlıq məhsulları istehsalının artırılması və həmin məhsullar üzrə ixrac potensialının yüksəldilməsi gözlənilir.