“Azərbaycan Dəmir Yolları” ili niyə 100 milyonluq zərərlə başa vurdu? – YENİLƏNİB
“Azərbaycan Dəmir Yolları” QSC mənfəətdən zərərə keçib.
“turaninsesi.az” xəbər verir ki, dövlət şirkəti 2023-cü ili 2023-cü ili 101,3 mln. manat məcmu zərərlə bitirib. Halbuki, QSC 2022-ci ili 48,1 mln. manat xalis mənfəətlə bitirmişdi.
ADY-nin ötən ilin zərərlə başa vurmasının əsas səbəbi gəlirlərin cüzi artması fonunda, əsasən sair xərclərin kəskin artması ilə bağlıdır.
Belə ki, 2022-ci ildə dövlət şirkətinin cəmi gəlirləri 601,4 mln. manat olduğu halda, 2023-cü ildə bu rəqəm 602,7 mln. manata bərabər olub.
Köhnəlmə və amortizasiya 83,5 mln. manatdan 108,34 mln. manata, əməkhaqqı və əlaqəli ödənişlər 204,15 mln. manatdan 264,3 manata, elektrik enerjisi, materiallar və texniki xidmət xərcləri isə 63,6 mln. manatdan 71,1 mln. manata yüksəlib.
Ən əsası isə sair xərclər 52,5 mln. manatdan 126,89 mln. manata yüksəlib. Başqa sözlə, bir ildə ADY sair xərclərini 74,4 mln. manat artırıb.
QSC audit hesabatını yarımçıq açıqladığı üçün bu xərclərinin nədən ibarət olduğunu aydınlaşdırmaq mümkün deyil.
Nəticədə ADY-nin əməliyyatı ötən il 53,97 mln. manat həcmində zərərli olub.
Şirkətin mənfəət vergisi ödəmələri isə 20,8 mln. manatdan 2,3 mln. manata enib.
2023-cü ilin 101 mln. manatlıq zərəri də əlavə edildikdən sonra ümumilikdə ADY-nin yığılmış zərəri 4 mlrd. 447,6 mln. manata çatıb.
Dövlət şirkətinin cəmi aktivləri ötən il 5,08 mlrd. manatdan 5,97 mlrd. manata, cəmi öhdəlikləri 2,45 mlrd. manatdan 2,58 mlrd. manata, cəmi kapitalı isə 2,63 mlrd. manatdan 3,39 mlrd. manata yüksəlib.
Qeyd edək ki, iri şirkətlər, o cümlədən dövlət şirkətləri maliyyə və audit hesabatlarını tam şəkildə açıqlamalıdırlar. Hesabatların yarımçıq açıqlanması və rəqəmlərin şərh edilməməsi həmin şirkətlərin fəaliyyətində şəffaflıq və hesabatlılıqla bağlı şübhələr doğurur.
***
Zərərin səbəbləri ilə bağlı ADY-nin mətbuat xidmətindən “Yeni Sabah”a bildirilib ki, 2023-cü il qurumun transformasiyasının tamamlanması baxımından əhəmiyyətli il olub.
2023-cü ildə Bakı-Gəncə sərnişin marşrutunun Ağstafayadək uzadılması, yeni Bakı-Qəbələ marşrutunun istifadəyə verilməsi, ölkə ərazisinə 4 ədəd “Stadler” markalı qatarın gətirilməsi, 7 milyon nəfərdən çox rekord sayda sərnişin daşınması, Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında Birgə Müəssisənin yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi üzrə işlərin xeyli sürətlənməsi, lokomotivlərin xarici ölkələrə təmirə göndərilməsinə başlanması, ilk dəfə daxili investisiya hesabına infrastrukturun müasirləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi, “ADY Mobile” tətbiqi və yükdaşımaları sahəsində rəqəmsallaşma layihələrinin həyata keçirilməyə başlanması kimi tədbirlər həyata keçirilib.
Qeyd edilmiş layihə və tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə əməliyyat və digər xərclərdə artım müşahidə edilib. Belə ki, müasirləşdirmə-tikinti işləri tamamlanmış infrastruktur sahələrinin və obyektlərinin, yeni alınmış lokomotivlərin, eləcə də yeni tikilmiş lokomotivlərin təmiri depolarının balansa qəbul edilməsi kimi uzunmüddətli aktivlərin istismara qəbul edilməsi amortizasiya xərclərinin artımı ilə nəticələnib.
Qeyd edilənlərlə yanaşı, xərclərin artmasında Orta Dəhlizin əsas strateji komponentlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi və buraxıcılıq qabiliyyətinin illik 1 milyon tondan 5 milyon tonadək artırılması işlərinin də payı böyük olub. Bununla bərabər, işçilərin sosial rifah halının yüksəldilməsi məqsədilə görülmüş işlər nəticəsində orta aylıq əmək haqqı 30% artırılıb. Həmçinin, strateji layihələrin həyata keçirilməsi üçün cəlb edilmiş xarici valyutada olan kreditlər – borc öhdəlikləri üzrə faiz xərcləri məzənnələrdə olan dəyişikliklərə görə (xüsusilə avro və isveçrə frankı məzənnələrində) artıb.
Qeyd edilən amillərin təsiri ilə 2023-cü il 101.3 mln manat xalis zərərlə yekunlaşdırıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI