Adil Karaismailoğlu: “Orta Dəhlizin əhəmiyyəti hər gün artacaq”
“Şimal Dəhlizindəki çətinliklər fonunda Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əhəmiyyəti hər gün artacaq”.
“Getdikcə Orta Dəhlizlə daha çox yük daşınacaq, yəni ona tələbat artacaq. Bu dəhlizdən istifadə edən ölkə kimi biz onun potensialın artırılması istiqamətində işləri davam etdiririk.
Dəhlizin üzərində yerləşən Gürcüstan, Azərbaycan, Qazaxıstan və Özbəkistan da daxil olmaqla bütün ölkələrlə görüşlərimiz, danışıqlarımız davam edir.
Bu, çox önəm verdiyimiz logistik dəhlizdir. Yüklərin Türkiyədən sonra keçəcəyi Avropa ölkələri – Bolqarıstan, Macarıstan və Serbiya ilə də iş aparırıq”, – deyə o, qeyd edib.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb.
Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.