ŞOK: Millimizin sabiq futbolçusu öz oyununa mərc edib
Türkiyə futbolunda mərc qalmaqalı ilə bağlı araşdırmalarda həbs tələbi irəli sürülən 14 futbolçu ilə bağlı prokurorluğun məhkəməyə təqdim etdiyi sənədin detalları məlum olub.
“turaninsesi.az ” xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində ümumilikdə 21 şübhəli barəsində həbs tələbi irəli sürülüb.
Onlardan 14-ü ilə bağlı hazırlanan yazıda qeyd olunur ki, şübhəlilər çıxış etdikləri klublardan asılı olmayaraq şəxsi qazanc əldə etmək məqsədilə fərdi şəkildə mərc oynayıblar və bununla da oyunların nəticəsinə təsir göstərərək üzərlərinə atılan cinayət əməlini törədiblər.
Azərbaycan millisinin sabiq futbolçusu İsmayıl Karakaşın mərc oynadığı tarix və oyun da müəyyənləşib. N*se** mərc sisteminin məlumatlarına əsasən, Karakaş 30 yanvar 2022-ci il tarixində kupon tərtib edib. Həmin vaxt o, “Edirnespor”un futbolçusu olub, matça ehtiyat oyunçu kimi başlayıb və 84-cü dəqiqədə meydançaya daxil olub.
İddialara görə, futbolçu həmin qarşılaşma üçün “rəqib komanda qalib gələcək” variantına 50 lirə mərc edib. Karakaş öz oyunu ilə bağlı etdiyi mərci qazansa da, daxil olduğu kupon ümumi nəticədə uduzub.
Araşdırmalar davam edir.
Qeyd edək ki, İsmail Karakaş vaxtilə Azərbaycanın U-17 və U-19 millilərində baş məşqçi Təbriz Həsənovun rəhbərliyi altında çıxış edib. O, U-19-un heyətində 3, U-17-də 11 oyunda iştirak edib. Müdafiəçi hətta 2017-ci ildə Bakıda keçirilmiş U-17 Avropa çempionatında Portuqaliya (0:5), Belçika (1:1) və Şotlandiyaya (0:1) qarşı forma geyinib. Hazırda 26 yaşlı mərkəz müdafiəçisi Türkiyənin səviyyəcə dördüncü, amma 3-cü Liqa adlandırılan çempionatında “Erciyes 38″da çıxış edir.
Arzu Paşaqızı