Santuş gedir – Yeni baş məşqçi kim olacaq?
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilir. AFFA prezidenti Rövşən Nəcəf portuqaliyalı mütəxəssis ilə yolların ayrılmasına qərar verib.
Milli komandanın uğursuz çıxışı ilə yanaşı, 70 yaşlı mütəxəssisin son oyunlardan sonra verdiyi açıqlamalardan və göstərdiyi bəhanələr narazılıq yaradıb.
Fernandu Santuşla qərar AFFA İcraiyyə Komitəsinin gələn həftə – böyük ehtimalla, dekabrın 14-də keçiriləcək iclasında açıqlanacaq.
“turaninsesi.az” xəbər verir ki, mövzu ilə bağlı keçmiş futbolçu və idman jurnalisti Ağa Dadaşzadə bildirib ki, milli komandanı yerli baş məşqçiyə tapşırmaq lazımdır:
“Mən və mənim kimi bir çox futbol mütəxəssisi dəfələrlə qeyd edib ki, Berti Foqtsdan sonra əcnəbi baş məşqçiyə ehtiyac yox idi. Bu qədər əcnəbi mütəxəssislərə milyonlar xərcləndi, amma ortada nəticə olmadı. Biz istəyirik ki, milli komandanı yerli məşqçi çalışdırsın. Düşünürəm ki, Arif Əsədov baş məşqçi postunda qalmalı idi. Onu yenidən milliyə qaytarsalar daha yaxşı olar. Rəşad Sadıqovu gətirmək istəyirlər, amma o gəlsə də, uğurlu olmayacaq.
Çox təəssüf ki, böyük ehtimalla, yenidən xarici bir məşqçi gətirəcəklər. Hansısa yerli baş məşqçiyə millidə şans veriləcəyini düşünmürəm. Ümumiyyətlə millidə yeni generasiya və sistem formalaşdırmaq üçün ən az 15 il vaxt lazımdır. Futbol üçün baza, təməl biliklər lazımdır, bu isə bizdə yoxdur”.
Aut.az saytının baş redaktoru Natiq Muxtarlının fikrincə, millinin problemi qətiyyən baş məşqçi amili ilə bağlı deyil:
“Baş məşqçi dəyişikliyi ilə milli komandada nəyinsə dəyişəcəyinə ümid etmək sadəlövhlükdür. Azərbaycan futbolunun, xüsusən də yığmanın problemi məşqçi ilə bağlı deyil. İstər yerli, istərsə də əcnəbi məşqçi olsun, Azərbaycan millisi onsuz da heç bir nəticə verməyəcək.
Neçə ildir deyirik ki, əcnəbi mütəxəssisin millinin başına gətirilməsi sadəcə pul itkisidir. Ölkədə futbolçu yoxdur. Futbolçu olmayan yerdə də milli komandanın heç bir perspektivi yoxdur. Təkcə Berti Foqtsa 7 ildə 70 milyon pul verildi. Bizim futbolun təməl problemi odur ki, bizdə resurs yoxdur. Təəssüf ki, biz bu qədər illər ərzində bu işlə məşğul olmamışıq”.