“Sabah” “Neftçi”yə qalib gələrək mövqeyini möhkəmlədib
Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
“Turanın səsi” in məlumatına görə, turun son oyununda çempionatın iddialı komandaları “Sabah” və “Neftçi” üz-üzə gəliblər.
Turnir cədvəlində “qonşu” olan rəqiblərin duelindən birincilər qalib ayrılıblar. Murad Musayevin kollektivi matçın taleyini birinci hissədə həll edib. 7-ci dəqiqədə Coy Lens Mikels penaltidən hesabı açıb. Bundan yarım saat sonra Aleksey Kaşuk fərqi iki topa çatdırıb. Komandaların cəhdlərinə baxmayaraq, ikinci hissədə qol vurmaq mümkün olmayıb. Beləliklə, “Sabah” “Neftçi” üzərində 2:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra xallarının sayını 46-ya çatdıran “Sabah” ikinci pillədəki mövqeyini möhkəmlədib. “Neftçi” isə 38 xalla üçüncü yerdə qalıb.
Turun digər oyunlarında “Qarabağ” “Turan Tovuz”u (3:2), “Zirə” “Sumqayıt”ı (3:1), “Şamaxı” “Səbail”i (2:1) məğlub edib, “Kəpəz”lə “Qəbələ” qollu bərabərə (2:2) qalıblar.
Qeyd edək ki, Premyer Liqada XX turun görüşləri 30 yanvar – 1 fevral aralığında keçiriləcək.