İngiltərə Premyer Liqası: “Nyukasl” 10 ildən sonra avrokuboklara qayıdıb


İngiltərə Premyer Liqasının 25-ci turunun ertələnmiş oyunu baş tutub və “Nyukasl” doğma meydanda “Brayton”u qəbul edib.

Turanın səsi ”  xəbər verir ki, saat 22:30-da start fiti səslənən matçı Robert Consun başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Oyunun 22-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi Deniz Undav avtoqola imza atıb. Birinci yarının əlavə edilmiş dəqiqələrində “sağsağanlar” müdafiəçi Den Börnün sayəsində hesabı 2:0-a çatdırıb.

Fasilədən sonra 51-ci dəqiqədə Deniz Undav hesabdakı fərqi minimuma endirərək “günahını yuyub”. Bunula belə, “qağayılar”ın gücü bundan artığına çatmayıb. “Nyukasl” isə rəqibini daha iki dəfə məyus edərək vəziyyəti darmadağın həddinə çatdırıb. Kallum Uilson və Bruno Gimarayns fərqlənərək yekun hesabı müəyyənləşdiriblər – 4:1.

Beləliklə, “sağsağanlar” liqanın üçüncü pillədə qərarlaşıblar. 36 oyundan sonra onların aktivində 69 xal var. “Nyukasl” 10 il aradan sonra avrokuboklarda iştirakını təmin edib. Hazırda klub Çempionlar Liqası uğrunda mübarizəni davam etdirir. “Nyukasl”ın ən yaxın təqibçiləri “Mançester Yunayted” (35 oyun, 66 xal) və “Liverpul”dur (36 oyun, 65 xal). Çempionatın digər sürpriz komandası “Brayton” isə 35 oyundan sonra 6-cı pillədə qalıb. Aktivində 58 xalı olan komandanın Çempionlar Liqası uğrunda mübarizədə şansları sadəcə riyazi olmasına baxmayaraq, klubun Avropa Liqasına düşəcəyi yüksək ehtimal olunur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir