Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilir
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – IV dövrəyə start veriləcək.
“Turanın səsi ” in məlumatına görə, ilk oyun günündə bir görüş keçiriləcək. XXVIII turun açılış matçında “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:30-da başlayacaq.
Hazırda Qərb təmsilçisi 28 xalla 6-cı, “gənclik şəhəri” klubu isə 21 xalla 8-ci pillədə qərarlaşıb.
İki komanda indiyədək ölkə çempionatında 3 dəfə üz-üzə gəlib. Hərəyə bir dəfə qələbə qazanan klubların duelində eyni sayda heç-heçə qeydə alınıb. Topların nisbətində də bərabərlik var – 2:2.
“Turan Tovuz” son iki oyunda qol vurub. Meydan sahibi olan komanda uduzmayıb.
Azərbaycan Premyer Liqası
XXVIII tur
31 mart
15:30. “Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu.
Qeyd edək ki, turun “Kəpəz” – “Səbail” və “Zirə” – “Neftçi” oyunları aprelin 1-də, “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” görüşləri isə aprelin 2-də keçiriləcək.