Azərbaycan Premyer Liqası: “Neftçi” autsayderlə oyunda xal itirib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
“Turanın səsi” in məlumatına görə, “Neftçi” Sumqayıtda eyniadlı komandanın qonağı olub. “Kapital Bank Arena”da oynanılan görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
İlk qolu 42-ci dəqiqədə meydan sahibləri vurublar. Yeni transfer Riçard Qadze fərqlənib. 47-ci dəqiqədə Qodsvey Donyo tarazlığı bərpa etsə də, 61-ci dəqiqədə Murad Xaçayev “gənclik şəhəri” təmsilçisini yenidən hesabda önə keçirib. Son nöqtəni isə 87-ci dəqiqədə qonaqlardan Ataa Caber qoyub.
Bu nəticədən sonra xallarını 26-ya çatdıran “Neftçi” 3-cü pillədəki mövqeyini qoruyub. 5 xalı olan “Sumqayıt” isə sonuncudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” səfərdə “Turan Tovuz”a 3:1, “Qəbələ” isə evdə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 6-da keçiriləcək “Səbail” – “Sabah” və “Qarabağ” – “Kəpəz” görüşləri ilə yekun vurulacaq.