İran Naxçıvanı bu dronla vurub – Saatda 185 km sürət…
Xəbər verdiyimiz kimi, bu gün İran Naxçıvan Beynəlxalq hava limanına PUA hücumu edib.
“turaninsesi.az ” xəbər verir ki, İranın hücum etdiyi PUA “Arash-2” olub.
İranın istehsal etdiyi “Arash-2” adlı kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) uzun mənzilli zərbə vasitəsi kimi təqdim olunur. Bu dron uzaq məsafədə yerləşən strateji hədəfləri vurmaq üçün nəzərdə tutulmuş “loitering munition” (kamikadze dron) sinfinə aiddir.
Məlumatlara görə, “Arash-2” İranın hərbi sənayesi tərəfindən hazırlanıb və istehsalı Islamic Revolutionary Guard Corps (SEPAH) strukturları ilə əlaqələndirilir.
Dronun təxmini uçuş məsafəsinin 1.500–2.000 kilometr olduğu bildirilir. Bəzi mənbələrdə bu mənzilin daha yüksək ola biləcəyi də iddia olunur. Aparat 30–50 kiloqram çəkidə partlayıcı döyüş başlığı daşıya bilir.
Texniki xüsusiyyətlərinə görə, “Arash-2”nin sürəti saatda təxminən 185 km, ümumi çəkisi isə 200 kiloqram civarındadır. Dronun uzunluğu 4,5 metr, qanad açıqlığı isə 4 metr təşkil edir. Maksimum uçuş hündürlüyünün təxminən 3.657 metr olduğu qeyd olunur.
PUA MD550 və ya MDS-4-520 Tempest tipli, təxminən 50 at gücündə mühərriklə təchiz edilir. Onun uçuşu əsasən əvvəlcədən proqramlaşdırılmış koordinatlara əsaslanır və GPS/INS tipli naviqasiya sistemi vasitəsilə idarə olunur.
“Arash-2”nin əsas xüsusiyyətlərindən biri uzun mənzilə malik olmasıdır. Dronun radarlara daha az görünməsi iddia edilsə də, onun tam “stealth” texnologiyasına malik olmadığı bildirilir. Həmçinin aparatın ballistik raketlərlə müqayisədə daha ucuz alternativ kimi təqdim edildiyi vurğulanır.
Məlumatlara əsasən, “Arash-2” kamikadze dronu mobil platformalardan, o cümlədən yük maşınları və relsli buraxılış qurğularından istifadəyə uyğun şəkildə buraxıla bilir. Bu isə onun sahə şəraitində daha çevik tətbiqinə imkan yaradır.
Arzu Paşaqızı