Fəvvarələr meydanında baş vermiş yanğınla bağlı AÇIQLAMA
Bakının Nizami küçəsində baş verən yanğın qurumuş yağ qalıqlarının qısaqapanma yaratması nəticəsində başlayıb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Fəvvarələr meydanında yaradılan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasındakı yanğınla bağlı “Nərgiz” fondunun açıqlamasında deyilir.
Bildirilib ki, qısaqapanma naticəsində lokal alovlanma müşahidə olunub: “Hadisə yerində olan işçi vəziyyəti aradan qaldırmaq məqsədilə həmin sahəyə su tökdükdə suyun isti yağla reaksiyası nəticəsində alovlanma güclənərək açıq yanğına səbəb olub. Təhlükəsizlik və texniki nəzarət qruplarının operativ müdaxiləsi nəticəsində yanğın 15 dəqiqə ərzində tam söndürülüb. Yanğın digər pavilyonlara keçməyib, yarmarkanın digər hissələri üçün təhlükə yaranmayıb.
Hadisə zamanı yarmarkada 24/7 fəaliyyət göstərən təhlükəsizlik heyəti tərəfindən yanğınsöndürmə balonlarından istifadə olunub, paralel șəkildə Dövlət Yanğın Mühafizəsi Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. Ziyarətçilərin ərazidən təxliyəsi 5 dəqiqə ərzində təhlükəsiz və nəzarətli şəkildə həyata keçirilib.
Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir. Araşdırma tamamlandıqdan sonra ictimaiyyətə əlavə məlumat, o cümlədən yarmarkanın iş saatları barədə ətraflı açıqlama veriləcək”.