DTX əməkdaşlarının icra başçısının kabinetinə daxil olma anı – VİDEO

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin həbsi ilə bağlı yeni detallar üzə çıxıb.

turaninsesi.az ”ın xəbərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videodan məlum olur ki, İ.Rzayevin vəzifədə olduğu dövrdə qanun pozuntularına yol verməsi, rüşvət alması, ona etibar edilən külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranıb.

Şübhələrdən sonra DTX tərəfindən icra başçısının xidməti kabinetinə gizli video-müşahidə vasitələri quraşdırılıb.

Əldə edilən görüntülərdə İ.Rzayevin müxtəlif şəxslərdən rüşvət aldığı aydın şəkildə əksini tapıb.

Bundan sonra Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsinə qərar verilib. DTX əməkdaşları İcra Hakimiyyətinin inzibati binasına daxil olublar. Həmin vaxt İslam Rzayev xidməti iş otağında əyləşibmiş. Görüntülərdən məlum olur ki, DTX əməkdaşları birbaşa icra başçısının kabinetinə qalxırlar və içəri daxil olurlar. İ.Rzayev əməliyyatçıları görən kimi ayağa qalxır. Ona nədə ittiham olunduğu elan olunur və saxlanılır.

Qeyd edək ki, DTX tərəfindən keçirilən kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranıb.  

Müəyyən olunub ki, İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəyib, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməyib, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alıb. 

Faktla bağlı DTX-nin İstintaq baş idarəsində başlanılıb. Cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, DTX İ.Rzayevi oktyabrın 30-da saxlayıb. Prezident İlham Əliyevin həmin gün imzaladığı sərəncamla o, Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

https://player.bax.tv/embed/217176.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Arzu Paşaqızı