Bakıda bıçaqlanan şagirdin son durumu açıqlandı

Bakıda bıçaqlanan şagirdin son durumu açıqlanıb.
TƏBİB-də “turaninsesi.az ”-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 15-də saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən təcili çağırış daxil olub və dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən kişi cinsli şəxs bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyəsi şöbəsinə hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi) pasiyent əməliyyat edilib.
Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə bildirilib ki, hadisə dərsdən sonra və məktəbdən kənar ərazidə yaşanıb:
“Oktyabrın 15-də dərsdən kənar vaxtda (saat 16:00 radələrində) məktəbdənkənar ərazidə 274 nömrəli məktəbin X sinif şagirdi tərəfindən (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 306 nömrəli məktəbin şagirdinin qardaşına xəsarət yetirilməsi haqqında məlumat daxil olub.Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
Qurumdan verilən məlumatda vurğulanıb ki, hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.
Arzu Paşaqızı