Qusarda kompleks mülki müdafiə təlimi keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə 2023-cü il üçün hazırlıq planına müvafiq olaraq Qusar rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Bu barədə ” turanın səsi ” nə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimdə FHN-in Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov, Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.
Əvvəlcə kompleks mülki müdafiə təlimi ilə əlaqədar Qusar şəhərində təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən FHN-in Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib. Qusar rayonunda təşkil olunan kompleks təlimin əhəmiyyətindən danışan F.İlyasov qeyd edib ki, rayon ərazisində olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı və digər mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır.
Müşavirədə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə fəaliyyətinin və əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Həmçinin təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, FHN-in qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, ətrafa dağılan güclü təsiredici zəhərləyici maddələrin neytrallaşdırılması və yayılmasının qarşısının alınması, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirlərini yerinə yetiriblər.
Kompleks təlimə ümumilikdə 193 nəfər şəxsi heyət və 53 ədəd texnika cəlb edilib.
Tədbirin gedişində FHN-in qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI