FHN-in “Heydər Əliyev ili”nə həsr olunan beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təşkil olunmuş “Heydər Əliyev İli”nə həsr olunan “Gənc xilasedici” Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika birinciliyinə yekun vurulub.
Nazirlikdən “Turanın səsi ” nə bildirilib ki, Qəbələ şəhərində təşkil olunan “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi olub.
Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə nümayəndəsi Aleks Haykens, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, builki yarışlarda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistandan olan komandalar da iştirak edib.
Yarışların keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin yetişməkdə olan gənc nəslə təbliğ edilməsi, həmçinin yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin, fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və milli-vətənpərvərlik ruhunun aşılanması, müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin formalaşdırılmasıdır.
Əvvəlcə, nazir Kəmaləddin Heydərovun rəhbərliyi və komanda kapitanlarının iştirakı ilə Qəbələ Konqres Mərkəzində “dəyirmi masa” keçirilib. İnteraktiv formatda keçirilən “dəyirmi masa”da nazir K.Heydərov komanda kapitanlarının suallarını ətraflı cavablandırıb. Yarış iştirakçısı olan gənc əcnəbi xilasedicilər belə yüksək səviyyəli yarışda iştirakdan məmnunluq ifadə edib, tədbirin təşkilatçısı olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə minnətdarlıqlarını bildiriblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə, əvvəlcə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş olunub.
Sonra məktəblilərin ifasında ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən, həmçinin milli vətənpərvərlik və ölkələr arasında dosluğu tərənnüm edən bədii hissə nümayiş olunub, qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.
Daha sonra tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu xatırladaraq, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə istər respublikamızda, istərsə də ölkəmizdən kənarda yüksək səviyyəli silsilə tədbirlərin keçirildiyini vurğulayıb. Bu çərçivədə “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyi Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən Ümummilli Liderin əziz xatirəsinə həsr olunan növbəti tədbirlərdən biridir.
Nazir K.Heydərov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, dövlətçilik fəlsəfəsindən ətraflı bəhs edib. Bütün dövrlərin ən böyük azərbaycanlısı olan Ümummilli Lider ölkəmizi tarixin ən ağır sınaqlarından uğurla çıxarıb, doğma Azərbaycanımızın əbədi müstəqilliyinin möhkəm təməllərini yaradıb.
Nazir xüsusi vurğulayıb ki, Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə uşaq, yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların xalqına və dövlətinə sədaqətli insan, cəmiyyətə layiqli vətəndaş kimi formalaşması, yüksək elmi biliklərə yiyələnməsi məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşıb, yetişməkdə olan gənc nəslin, o cümlədən şəhid övladlarının dövlət qayğısı ilə əhatə olunmasına daim diqqət göstərib. Ulu Öndərin müəllifi olduğu mütərəqqi dövlət gənclər siyasəti bu istiqamətdə atılan çox mühüm addım oldu.
Ulu Öndərin əsasını qoyduğu bu siyasətin Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini qeyd edən K.Heydərov, bunun sayəsində ölkəmizdə Vətəninə bağlı, xalqına və dövlətinə sədaqətli, yüksək mənəvi-əxlaqi dəyərlərə malik gənc nəslin yetişdiyini vurğulayıb. Düşmən üzərində tarixi Zəfərlə, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə bitən şanlı 44 günlük Vətən müharibəsi bunun bariz göstəricisidir. Bu gün yeniyetmə və gənclər, o cümlədən şəhid övladları dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub, onların inkişafı istiqamətində mühüm işlər görülür. Bu çərçivədə qeyd edilməlidir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uşaq, yeniyetmə və gənclərin sağlamlığı, onların təlim-tərbiyəsi və təhsili daim diqqət mərkəzində saxlanılır.
Nazir Fövqəladə Hallar Nazirliyi tərəfindən Qəbələdə təşkil olunan və artıq ənənə halını almış “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin əhəmiyyətinə toxunub, bu kimi yarışların yeniyetmə və gənclərdə müxtəlif eksterimal vəziyyətlərdə davranış vərdişlərinin formalaşması, onların fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində lazımi təcrübə və biliklərə yiyələnməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Eyni zamanda, bu tədbirlər müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmlənməsinə şərait yaradır.
Nazir yarış qaliblərini təbrik edib, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Qırğızıstan, üçüncü yeri isə Qazaxıstan komandası tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin komandası, ikinci yerə Bakı şəhəri 31 nömrəli tam orta məktəbin komandası, üçüncü yerə isə Şəhid övladlarından ibarət “Gənc Mübarizlər” komandası layiq görülüb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI