Ərəstun Əliyev: “Kahramanmaraşa ikinci mobil səhra hospitalı yola salınıb”

Bu gün Bakıdan Türkiyənin Kahramanmaraş şəhərinə ikinci mobil səhra hospitalı yola salınıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev məlumat verib.

O bildirib ki, hospitalda qəbul çeşidləmə, sarğı, laboratoriya, reanimasiya və iki əməliyyat bloku fəaliyyət göstərəcək:

“Hospitalda fəaliyyət göstərən həkimlər, 18 nəfər tibb personalı, hərbi səhra şəraitində fəaliyyət göstərən peşəkar cərrahlardan, travmatoloqlardan, reanimatoloqlardan, torakal cərrahlardan ibarətdir. Hospital hər bir tibbi avadanlıqla, dərman prepaparatları, sarğı materialları və reaktivlərlə təmin olunub”.

Ə.Əliyev əlavə edib ki, ölkə Prezidentinin tapşırığına uyğun olaraq Türkiyədə baş verən güclü zəlzələnin fəsadının aradan qaldırılması məqsədilə humanitar yardımlar davam edir: “Heydər Əliyev Fondu tərəfindən Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara çox böyük həcmdə humanitar yardım göndərilib. Bu yöndə FHN də ölkə başçısının tapşırığına uyğun olaraq zəlzələnin ilk günündən axtarış xilasetmə dəstələri, xilasetmə avadanlıqları, əhalinin yerləşdirilməsi üçün böyük miqdarda çadırlar, qızdırıcılar və digər cari avadanlıqlar göndərib. Bundan başqa 41 nəfərdən ibarət tibbi heyət və 1 ədəd mobil səhra hospitalı Kahramanmaraşda açılıb və fəaliyyətini davam etdirir”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir