Nazirlik bu şəxslərə mükafat verir – 1000 manat
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir.
“turaninsesi.az” xəbər verir ki, mükafatlandırmanın həyata keçirilməsində əsas məqsəd alimlərin maddi rifahının yüksəldilməsi, onların fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.
Cari ilin iyul ayından başlayaraq Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində olan elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan bir sıra tədqiqatçıya müvafiq olaraq hər ay 1000 manatadək vəsaitin ödənilməsinə başlanılıb.
Mükafatlandırma Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən hazırlanmış “Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası” əsasında pilot qaydada elmi tədqiqat institutları tərəfindən tətbiq edilir.
Qeyd edək ki, metodologiya üzrə hesablama 2018-2023-cü illəri əhatə edən elmmetrik göstəricilər əsasında aparılıb. Belə ki, “Scopus” elmmetrik bazasında mövcud on minə yaxın azərbaycanlı tədqiqatçı arasından 2018-2023-cü illər ərzində ölkə üzrə ən çox elmi işi dərc olunan (“Scopus”da müəyyən olunmuş hazır siyahı üzrə) 500 müəllifin göstəriciləri təhlil edilmiş və təhlil nəticələrinə əsasən (keyfiyyət göstəriciləri daha yüksək) alimlərin mükafatlandırılması prosesinə başlanılıb.
Oxşar metodologiyalar beynəlxalq reytinq təşkilatları (“Quacquarelli Symonds (QS)”, “Times Higher Education (THE)”, “Shanghai Ranking (ARWU)”), ali təhsil müəssisələri (Stanford Universiteti (“Stanfordun TOP 2% tədqiqatçıları”)) və tədqiqatçılar tərəfindən istifadə olunur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI