Emin Əmrullayev Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşdü

Oktyabrın 20-də elm və təhsil naziri Emin Əmrullayev və ölkəmizdə səfərdə olan Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar bu il Türkiyə-Azərbaycan Universitetinə (TAU) qəbul olunmuş tələbələrlə görüşüblər.

 “turaninsesi.az” xəbər verir ki, bu bardə Elm və Təhsil Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə TAU-nun tərəfdaş universitetləri olan Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTU), İstanbul Texniki Universiteti (İTU), Hacettepe Universiteti (HU) və Azərbaycan Texniki Universitetinin (AzTU) rektorları da iştirak ediblər. 

Görüş zamanı ali təhsil müəssisəsində tədrisin beynəlxalq standartlar səviyyəsində, həmçinin ingilis dilində aparılmasının tələbələr üçün mühüm imkanlar yaratdığı vurğulanıb. Erol Özvar və Emin Əmrullayev tələbələrin dərsləri ilə maraqlanıb, onların suallarını cavablandırıblar.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə TAU-ya 92 tələbə qəbul olunub.

Dünyanın ilk “çətir universitet” modeli olan TAU-da tədris tərəfdaş universitetlərin müvafiq ixtisas proqramlarına (kompüter mühəndisliyi – ODTU, sənaye mühəndisliyi – İTU, qida mühəndisliyi – HU) uyğun olaraq ingilis dilində aparılır.

Arzu Paşaqızı