Buraxılış imtahanı ilə bağlı məsələ böyüyür: Nəticələr ləğv olunacaq?

“Martın 9-da 11 illik orta təhsil səviyyəsi üçün buraxılış imtahanı keçirilib. İmtahandan sonra bir çox şagird və valideyn narazılıq bildirib. Onların sözlərinə görə, suallar həddindən artıq çətin olub və bəzi tapşırıqlar məktəbdə keçilən mövzulara uyğun gəlməyib. Bir qrup valideyn isə iddia edir ki, imtahanda yer alan bəzi suallar Türkiyə və Gürcüstanın tədris proqramına uyğun hazırlanıb”.

turaninsesi.az ” xəbər verir ki, bu açıqlama ilə dosent İlham Əhmədov çıxış edib. O, bildirib ki, bu il daha çox narazılıq var. Eyni problemlər hər il təkrarlanır, hər dəfə də eyni problemlərdir:

“Burada əsas məsələ sualların asan ya çətin, proqrama uyğun ya proqramdan kənar olması deyil. Məncə bu durum, daha ciddidir, bu ölkədə təhsil siyasətinin mükəmməl olmaması ilə əlaqədardır. İmtahan sualları ilə əlaqədar detalları fənn müəllimləri izah edə bilər, amma indi bu prinsipial deyil.

ETN və DİM sinxron işləməlidir, vahid təhsil siyasəti olmalıdır. Mən daha çox ETN-i günahkar görürəm. Dərsliklər bərbad, tədris prosesi məktəblərdə pozulub, repetitorluq kütləvilşib v.s. Məktəb öz funksionallığını itirib.

 Son 13 ildə qeyri peşəkar insanların təhsil sisteminə rəhbərliyi təhsili böhran halına gətirib. Hesab edirəm ki, DİM daha mütəşəkkil və peşəkar kadrlardan ibarətdir”.

İlham Əhmədov qeyd edib ki, təhsildə ciddi islahatlar olmalıdır:

“Təhsildə 1 il islahatın səhv aparılması, təhsili 5 il, ölkəni 10 il geri atır. Bizdə isə təhsil islahatları 20 ildir səhv yoldadır. Ən pisi isə ETN təhsil ictimaiyyətini eşitmək istəmir. Intellektual müzakirədən qaçır. ETN belə səriştəsiz və özündən çox razı fəaliyyəti gənclərimizə, ölkənin gələcəyinə problemlər yaradacaq”.

Arzu Paşaqızı