Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib
Sentyabrın 26-da STEAM İnnovasiya Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına həsr olunmuş brifinq keçirilib.
“turaninsesi.az” xəbər verir ki,.giriş nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev festivalın əhəmiyyəti barədə danışıb.
Daha sonra festivala həsr olunmuş video nümayiş etdirilib.
Brifinqdə çıxış edən “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov festivala hazırlıq prosesindən danışıb. İqrar Nəzərov qeyd edib ki, ümumilikdə 2500-dən çox iştirakçı qeydiyyatdan keçib. Qeydiyyatdan keçən şagirdlərin 35 faizi Bakı, 55 faizdən çoxu regionlar, 10 faizə yaxın isə xarici ölkələrdəndir. Hazırda 15 xarici ölkəni təmsil edən iştirakçılar qeydiyyatdan keçib. Bu sayın 20-yə çatması nəzərdə tutulur. Layihə rəhbəri əlavə edib ki, bu il festivalın beynəlxalq münsiflər heyətinin tərkibi təxminən 30 nəfərdən ibarətdir.
Daha sonra festivalın yenilənmiş loqosunun təqdimatı olub. Qeyd edilib ki, yenilənmiş loqo müasirlik, innovativ texnologiyalar, yaradıcı yaşıl düşüncə, uşaqlar, gənclər və ekologiyanı təmsil edən simvolları özündə ehtiva edir.
Təqdimatdan sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək. Bu il artıq 4-cü dəfə keçirilən STEAM Azərbaycan Festivalında (SAF 2024) 8 yarış və 1 sərgi-yarış (Yaşıl təşəbbüslər) kateqoriyası üzrə yarışlar təşkil olunacaq. Kateqoriyalara “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” daxildir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI