Zelenski Bazar ertəsi Amerikaya gedir
Volodimir Zelenski avqustun 18-də ABŞ prezidenti Donald Trampla Vaşinqtonda görüşməyi planlaşdırdığını bildirib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Zelenski Tramp və Avropa liderləri ilə telefon danışığından sonra teleqram kanalında yazıb:
“Bazar ertəsi Vaşinqtonda prezident Trampla münaqişəyə son qoymağın bütün detallarını müzakirə edəcəyəm. Dəvətə görə minnətdaram”, – deyən Zelenski əlavə edib ki, söhbət saat yarım davam edib və mənalı olub.
Onun sözlərinə görə, Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqların əsas məqamlarını açıqlayıb:
“Trampın Ukrayna, Amerika və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyirik. Ukrayna əsas məsələlərin liderlər səviyyəsində müzakirə oluna biləcəyini və üçtərəfli formatın buna uyğun olduğunu vurğulayır”.
Zelenski qeyd edib ki, Amerika ilə birlikdə etibarlı təhlükəsizlik naminə Avropanın bütün mərhələlərdə iştirakının vacibliyini bildirib.