Türkiyəli ekspert: “Ərdoğan seçkilərin ikinci turunda inamlı qələbə qazanacaq”

“Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin ikinci turunda seçicilərin 53 faizdən çoxunun səsini toplayaraq qalib gələcək”.

Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyədə fəaliyyət göstərən ictimai rəyin öyrənilməsi üzrə “Optimpar” şirkətinin rəhbəri Hilmi Taşdemir deyib. 

Onun fikrincə, müxalifət seçkilərdə öz imkanlarını həddən artıq yüksək qiymətləndirib, bir çoxu cəmiyyət tərəfindən qəbul edilməyən şüarlarla çıxış edib: “Nəticədə müxalifət nəinki prezident seçkilərində geri qaldı, hətta parlamentdə də səs çoxluğu qazana bilmədi”.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd – Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.

İlk turda R.T.Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata” siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.

Parlament seçkilərində isə AK Parti qalib gəlib. Hakim partiya Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yerindən 266-nı qazanıb.

İkinci yeri tutan müxalif Cümhuriyyət Xalq Partiyası 28-ci çağırış qanunverici orqanda 168 millət vəkili ilə təmsil olunacaq.

Yaşıl Sol Partiyası 62, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51, İYİ Parti 44, Yenidən Rifah Partiyası 5, Türkiyə İşçi Partiyası (TİP) 4 deputat yeri əldə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir