Son iki gün: Tiflisdə ciddi toqquşmalar olacaq!

İki gündən sonra, oktyabrın 26-da Gürcüstanda növbəti parlament seçkisi keçiriləcək. Gürcü Arzusunun nümayəndələrinin dediyi kimi, şənbə günü vətəndaşlar Gürcüstanın gələcək taleyini müəyyən edəcəklər: respublika həqiqətən müstəqil dövlətə çevriləcək, yoxsa Cənubi Qafqazda AB və ABŞ-ın vassalı roluna qayıdacaq.

turaninsesi.az” xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.

Gürcü politoloq Petre Mamradzenin fikrincə, Gürcü Arzusu parlamentdəki yerlərin əksəriyyətini alaraq qalib gələcək:

“Müşahidə etdiyim əhval-ruhiyəyə görə, görünür, seçicilərin əksəriyyəti Gürcü Arzusuna səs verəcək. “Görünür” sözünü ona görə əlavə edirəm ki, bizdə hər şey bir gündə dəyişə bilir. Amma hakim partiyanın bölgələrdə seçicilərlə görüşləri göstərir ki, partiya ardıcıl olaraq parlamentdəki yerlərin yarıdan çoxuna, yəni 76 və daha çox mandata sahib ola bilər. (Gürcüstan parlamenti 150 deputatdan ibarətdir. 77 deputat proporsional, 73 deputat majoritar sistem üzrə seçilir – red.). Yəqin ki, biz yenə də Gürcü Arzusunun yaratdığı hökumətlə qarşılaşacağıq. Bunlar minimal təxminlərdir: Hakim partiyanın səslərin dörddə üçünü toplayaraq, müxalifəti nəzərə almadan Konstitusiyaya dəyişiklik etmək gücündə hüquq qazanması mənim üçün böyük sensasiya olmayacaq. Gürcü Arzusunun qələbəsindən sonra Gürcüstan istər-istəməz Milli Hərəkatın Qərbin dəstəyi ilə təşkil etdiyi iğtişaşlarla üzləşəcək. Səsvermə günündən dərhal sonra gecə yarısı parlament binası yaxınlığında müxalifətin mitinqi təyin edilib, burada ya qələbə bayramı, ya da saxtakarlığa qarşı etiraz aksiyası keçiriləcək. Onlar qışqıracaqlar ki, əhalinin 80%-i Gürcüstanın AB-yə inteqrasiyasının tərəfdarıdır, Gürcü Arzusu isə bunun əleyhinədir, çünki onlar Kremlin oyuncağıdır, seçkidə 20%-dən çox səs toplaya bilmirlər. Ümid edirəm ki, 2020-ci ildə artıq yaşadığımız bütün bu təxribatlara tab gətirmək üçün hakim partiya və hökumətin kifayət qədər təcrübəsi, səbri olacaq”.

Digər gürcü politoloq Vaso Kapanadze hesab edir ki, hakim partiya 50%-dən çox səs qazanacaq:

“Müxalifət hesab edir ki, hakim partiya səslərin 30%-dən çoxunu qazanmayacaq. Gürcü Arzusunun liderləri isə əksinə, seçicilərin təxminən 60%-nin dəstəyinə ümid edirlər. Bu gözləntilər çox ciddi fərqlə seçilir, həm cəmiyyətdə, həm də əsas siyasi qüvvələr arasında qütbləşmənin dərəcəsini əks etdirir. Bu səbəbdən seçki əsasən gözlənilməz olur, xüsusən də nəzərə alaq ki, hakim partiya seçki kampaniyasında taktiki səhvlərə yol verib və kifayət qədər fəallıq göstərməyib. İctimaiyyətimiz hakim partiyaya səs verməyə borcludur, çünki Gürcüstanın Qərbdən asılılığının qorunub saxlanmasını istəyən dağıdıcı müxalifət qüvvələrindən fərqli olaraq, ölkənin suveren inkişaf kursunu müdafiə edən partiyadır. Ona görə də hakim partiyanın yenə də 50%-dən çox səs qazanacağını gözləyirəm. Tarixin bununla bitməməsi vacibdir, çünki Qərb hakim partiyanın qələbəsini çətin ki, tanısın və ondan daha qərbyönümlü və antirusiya kursu tələb edir. İvanişvili artıq xəbərdarlıq edib ki, seçkidən sonra çətin dövrümüz davam edəcək. İndi müxalifətin biləyini Qərb – Qərb strukturları, Avropa parlamentariləri və Amerika konqresmenləri gücləndirir. Seçkidən sonra onların əməllərinin dağıdıcılıq səviyyəsi yüksək ola bilər. Burda hər şey dağıdıcı müxalifət qüvvələrinin, QHT-lərin və medianın fəallıq dərəcəsindən, kənardan isə Avropa və Amerika rəsmilərinin aqressivliyindən asılı olacaq. Hakimiyyət öz opponentlərinin hərəkətlərinin xarakterindən asılı olaraq reaksiya verəcək. Oktyabrın 26-da səsvermənin ilkin nəticələrinin açıqlanmasından dərhal sonra Gürcüstanda gərginliyin yüksək olacağı şübhəsizdir, bu, sadəcə, dərəcə məsələsidir. Avropa Gürcüstanının lideri Gigi Uqulavanın bəyan etdiyi kimi, müxalifət qüvvələri parlament seçkilərinin nəticələrinin elanından dərhal sonra məhkəmənin qərarını gözləməyəcək və Mixail Saakaşvilini öz əlləri ilə azad etməyə gedəcəklər”.

Ramaz Sakvarelidze isə qeyd edib ki, gürcü seçicilərinin seçimi artıq aydındır:

“Həm mənim hesablamalarım, həm də Gürcü Arzusunun və müxalifət partiyalarının tərəfdarlarının sayı ilə bağlı sosioloji araşdırmalara görə, hakim partiya qələbə qazanacaq. Sorğulardakı rəqəmlər çox fərqlidir, lakin onların sırası və nisbəti demək olar ki, həmişə eynidir: Gürcü Arzusu bütün araşdırmalarda vətəndaş dəstəyi baxımından birinci yerdədir, aparıcı müxalifət partiyası olan Milli Hərəkat isə ondan təxminən 20 faiz az səs alır. Bu müxalifət partiyasının ardınca göstəriciləri kifayət qədər aşağı olan digər partiyalar gəlir. Seçkidən sonra Gürcü Arzusuna çox6luq, Milli Hərəkat və ola bilsin ki, daha iki partiyaya müəyyən sayda mandat verən parlamentimiz olacaq”, – o bildirib.

Sakvarelidze seçkidən sonra ölkədə məhdud şəkildə gərgin vəziyyətin olacağını proqnozlaşdırır:

“Səsvermənin nəticələrindən narazı olanlar həmişə olur və onlar küçələrə axışırlar. Amma siyasi qurumların işinə mane olacaq ciddi etirazların olacağını düşünmürəm. Etirazlar olacaq, amma müxalifət uduzsa, Qərb seçkidən sonra onları dəstəkləməyəcək. Ona görə də müxalifət etirazlarının miqyası kifayət qədər məhdud olacaq. Qərb rəsmiləri Gürcüstanda bu yaxınlarda Moldovada gördüyümüz mənzərə ilə üzləşmək təhlükəsi qarşısındadır, burada hakimiyyət avrointeqrasiya referendumunun Brüsselə lazım olan nəticəsini göstərmək üçün səslərin hesablanması ilə işlədi”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir