SON DƏQİQƏ: Rusiya ordusu Ermənistan-İran sərhədindən çıxarılır
Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-də Rusiya sərhədçilərinin 1 yanvar 2025-ci il tarixdən Ermənistan-İran sərhədinin buraxılış-yoxlama məntəqəsindən çıxarılmasına dair razılığa gəlindiyini elan ediblər.
“turaninsesi.az” Azadlıq Radiosu”na istinadla xəbər verir ki, razılaşmaya əsasən, Ermənistan sərhədçiləri sərhəd-buraxılış məntəqəsində bütün fəaliyyəti öz üzərlərinə götürəcəklər. Bundan başqa, Ermənistan-Türkiyə sərhədinin mühafizəsində bundan sonra Rusiya hərbçiləri ilə yanaşı, Ermənistan hərbçiləri də iştirak edəcəklər.
Ermənistanın Türkiyə və İranla sərhədlərini onilliklərdir ki, Rusiya hərbçiləri mühafizə ediblər.
“AzadlıqRadiosu”nun Erməni xidməti – Azatutyun yazır ki, Moskva ilə əldə olunmuş bu razılaşma artıq may ayından bəri tətbiq olunur. Həmin vaxt Rusiya və Ermənistan liderləri qərara gəlmişdilər ki, Rusiya qüvvələri Ermənistanın müəyyən bölgələrindən tədricən çıxarılacaq, amma Türkiyə və İran sərhədi boyunca mövqelərində qalacaq.
Bu proseslər Azərbaycan 2023-cü ildə Qarabağ üzərində suverenliyini bərpa etdikdən sonra xüsusilə sürətlənib.
Ermənistan hakimiyyəti Rusiya sülhməramlılarını Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatın, daha sonra isə bölgənin erməni əhalisinin oranı tərk etməsinin qarşısını almamaqda ittiham edirdi.