Saakaşvili məhkəmədə ifadə verməkdən imtina edib
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili çərşənbə axşamı Tbilisidəki “Vivamed” özəl klinikasında sərhədi qanunsuz keçmə işi üzrə keçirilən məhkəmədə ifadə verməkdən imtina edib.
Bu barədə jurnalistlərə prokuror Levan Vepxvadze məlumat verib.
“Məhkəmə onun ifadə verib-vermədiyini soruşduqda, Mixail Saakaşvili belə cavab verib: “Mənim sizə deyəcək heç nəyim yoxdur”. Belə olan halda biz hesab edirik ki, Mixail Saakaşvili ifadə vermək istəmir”, – Vepxvadze bildirib.
Saakaşvilinin vəkilləri Gürcüstanın keçmiş liderinin xəstələndiyini və onun ifadə verə bilməyəcəyini iddia edirlər.
“Həkim deyib ki, Saakaşvilidə böhran əlamətləri var və indiki mərhələdə məhkəmə iclasının keçirilməsi mümkün deyil. Dinləmələrin təxirə salınmasına da səbəb bu idi, başqa heç nə”, – vəkil Şota Tutberidze jurnalistlərə məlumat verib.
Qeyd edək ki, növbəti məhkəmə iclası oktyabrın 19-na təyin edilib.
Mənbə: TASS